JustPaste.it

Britaniyalı məşhur jurnalist və yazıçı Kris Xatçins, dünyada özünün maraqlı bioqrafik əsərləri ilə tanınır. Araşdırmaları arasında "Şahzadə Diana", "Şahzadə Harri", "Roman Abramoviç" və "Vladimir Putin" kimi simalar var.

 

Ən son kitabı "Putin" dünya mətbuatında böyük səs doğurmuş, bəzi tənqidçilərin sərt reaksiyasına səbəb olmuşdur. Kitab Putinin ailə mənşəyindən tutmuş, 2012-ci ilin əvvəlinə qədər olan dövrü əhatə edir. 

 

Kitabın ilk hissəsi Vladın məktəb illərindən bəhs edir, sakit və ünsiyyətcil olmayan Vlad dostları arasında elə də populyar olmur. Əlavətən böyük uşaqlar tərəfindən döyülməsi ona ağır təsir etdiyindən Vlad dzü-do sənətinə maraq göstərməyə başlayır və qısa zamanda inanılmaz uğurlar əldə edir. Əvvəlcə yaşadığı şəhərin dzü-do üzrə çempionu olur və bu da məktəbdə onun reputasiyasına müsbət təsir göstərir. Hətta Putin artıq peşəkar idmançı olmaq xəyalları ilə yaşamağa başlayır. Lakin bir gün kinoteatrda kəşfiyyatçılar haqqında izlədiyi film onun bütün həyatını dəyişir, Vlad KGB sıralarına daxil olmaq üçün gecə-gündüz çalışır, xəyallar qururdu. 

 

KGB-nin mərkəzinə gedən Vlada, bir zabit "Biz bura könüllü gələn gəncləri qəbul etmirik" deməsi onu məyus edir və həmin il Leninqrad Unviresitetinin Hüquq ixtisasına qəbul olur. 4-cü kursun son aylarında skamyada oturan Vlada gənc bir oğlan yaxınlaşır. Məlum olur ki, bu KGB zabitidir və yeni kadr axtarmaq məqsədilə universitet tələbələrinə göz gəzdirirmiş. Vlad təklifi dşünmədən qəbul edir və KGB Akademiyasına daxil olur. Təhsili başa vurduqdan sonra ADR-ə Drezdenə rezident olaraq göndərilir.

 

Kitabın növbəti hissələri SSRİ-nin süqutu və Putinin Sankt-Peterburqdakı karyeasından, Boris Yeltsin tərəfindən Moskvaya dəvət almasından və dövlət qurumlarındakı fəaliyyətindən bəhs edir.

 

Ardınca onun qısa zamanda Rusiyanın Prezidenti vəzifəsinə yüksəlişi və daxili-xarici siyasətinin təhlili başlayır. Rusiyada oliqarx sistemi, neft-qaz siyasəti, Abramoviç - Berezovskiy - Litvinenko ziddiyətləri ilə maraqlananlar üçün kitab yaxşı mənbə sayıla bilər.